SÜJET
Səbail Rayon Məhkəməsində Bakıda Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videosunu sosial şəbəkədə paylaşan əcnəbilərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Yurd.Media xəbər verir ki, prosesdə təqdimatlar təmin edilib və həmin şəxslərin hər biri barəsində üç ay həbs qətimkan tədbiri seçilib.
***13:00
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
*** 09:48
Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
Yurd.Media xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.
Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.