Şamaxı rayonunda torpaq sürüşməsi olub.
Yurd.Media xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.
Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlərin bildirdiyinə görə, torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.