Qubanın Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunub.
Yurd.Media xəbər verir ki, son günlər fasiləsiz yağan yağışlar nəticəsində torpaq layları hərəkətə gəlib. Bu səbəbdən bir neçə evin həyətində və yardımçı tikililərdə çökmə baş verib. Kəndin əsas yolu və məktəbə aparan yol bağlanıb.
Kənd əhalisi "Xəzər Xəbər"-ə bildirib ki, sürüşmə hava şəraitinə görə yaşanıb:
"Qar, yağışın intensiv düşməsi nəticəsində bu hadisə baş verdi. Yollar bağlanmışdı, maşınlar gedə bilmirdi".
Fövqaladə Hallar Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliyi eləcə də Quba Rayon Fövqaladə Hallar Komissiyasının nümayəndələri ərazidə vəziyyətlə tanış olublar.
Əraziyə texnika cəlb olunub, məktəbə gedən yolun açılması davam edir.
Qeyd edək ki, Güləzi kəndində torpaq sürüşməsi artıq uzun müddətdir ki, müşahidə olunur. Ən ciddi sürüşmə 2010-cü ilin aprelində qeydə alınıb və hadisə zamanı 30-a yaxın ev zədələnib. Hal-hazırda Güləzi kəndində bərpa işləri aparılır. Lakin hadisənin fəsadları hələ də davam edir.