SÜJET
Qazax rayonunun Dəmirçilər kəndini digər yaşayış məntəqələri, o cümlədən rayon mərkəzi ilə birləşdirən və ötən əsrin 70-ci illərində tikilmiş körpü yararsız hala düşüb.
Yurd.Media İTV-yə istinadən xəbər verir ki, Coğazçayı üzərində yerləşən bu mühüm infrastruktur obyektinə son günlər yağan intensiv yağışlar ciddi ziyan vurub. Çayın daşması nəticəsində körpünün beton konstruksiyaları və dayaqları zədələnib, bir hissəsi isə çökərək istifadəyə tam yararsız vəziyyətə gəlib. Bu hal həm nəqliyyat vasitələri, həm də piyadalar üçün ciddi təhlükə yaradır.
Yerli sakinlər bildiriblər ki, körpüdən hələ də istifadə olunur, lakin artıq onun bir tərəfi uçub. Əsas narahatlıq ondadır ki, bu körpü kəndlərin rayon mərkəzi ilə yeganə əlaqə yoludur.
Körpü Dəmirçilər və Ülkərli kəndləri də daxil olmaqla, ümumilikdə 3 mindən çox sakinə xidmət edir. Sakinlər hər an körpünün tamamilə çökəcəyindən və rayonla əlaqənin kəsiləcəyindən ehtiyat edirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, körpüyə mütəxəssislər tərəfindən baxış keçirilib və bərpa işləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Qərardan asılı olaraq yaxın günlərdə körpünün təmirinə başlanması planlaşdırılır.
Ətraflı süjetdə: