SÜJET
Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən 122-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Yurd.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 9 may, saat 13:30-da Ələt-Astara magistral yolunun Masllı rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına üç nəfər (biri kişi cinsli, ikisi qadın cinsli olmaqla) hospitalizasiya olunub.
"Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə zamanı üç nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
***
Masallıda baş verən ağır qəzada 2-i azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Yurd.Media Modern.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd edilib ki, bu gun saat 13:05 radələrində yeni Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən 122-ci kilometrində hərəkətdə olan 10-RV-404 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcı metal səddə dəyərək aşıb.
"Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür", - məlumatda vurğulanıb.
İlkin məlumata əsasən, avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.