Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İranın Naxçıvan ərazisinə həyata keçirdiyi dron hücumu ilə bağlı kəskin mövqeyini bildirib.
Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib.
Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.
Azərbaycan Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Müdafiə nazirliyi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə özbəkistanlı həmkarı Baxtiyor Saidovla telefon danışığı zamanı qeyd edib ki, İran Naxçıvana dron hücumuna görə qısa müddətdə izahat verməlidir.
Bildirilib ki, Azərbaycan tərəfinin baş verən hücumla bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsi, izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.