Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində dünyasını dəyişiblər. Məlumata görə, qəzada həyatını itirən hər iki şəxs hərbi qulluqçu olub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Süleymanov Süleyman Ziyafəddin oğlu və 2001-ci il təvəllüdlü Namazəliyev Rəşad Vəli oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan R.Namazəliyevin Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu bildirilir.