“Mars-M” Çoxsahəli Kommersiya Firması barəsində inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətə qarşı qərar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX )1 saylı Bakı Regional Bölməsi tərəfindən verilib.
İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə yazılan protokola əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən “Mars-M” Çoxsahəli Kommersiya Firmasına məxsus “Antalya” restoranı sanitar qovşaqda formalaşan tullantı, çirkab suları təyinatsız olaraq axaraq oradan Xəzər dənizinə axıdılıb.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə şirkət 2 min manat məbləğində cərimə olunub.
“Mars-M” şirkəti bu qərardan apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, “Mars-M” şirkətinin əvvəlki sahiblərindən biri "MTN işi" üzrə əsas fiqurantlardan olan Akif Mustafayev olub. Bu şirkət Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsində “Jasmin” ticarət mərkəzini tikib. Mərkəzin daxilindəki obyektlər bir qrup sahibkara satılsa da, sonradan şirkət külli miqdarda kredit müqabilində mərkəzi banklardan birinə girov qoyub və onu qaytara bilməyib. Nəticədə bank ticarət mərkəzinin mülkiyyət hüququnu qeydə alıb. Bu obyekt ətrafında mübahisə yaxın vaxtlara qədər davam etdi.