“Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) çalışan şəxs işdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə üz tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, şirkətdə tutduğu məhsul qəbulu və anbarlama şöbəsi bölməsində texniki xidmət üzrə sazlayıcısı vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət edib. İddiaçı məcburi iş buraxmaya görə ona ödənilməmiş əmək haqqının və digər ödənişlərin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin verilməsini tələb edib. Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tam təmin edilib.
Bundan sonra “Baku Electronics” apellyasiya şikayəti verib və qətnamənin ləğv edilməsini istəyib. Apellyasiya baxışı zamanı tərəflər kollegiyaya barışıq sazişini təqdim ediblər. Bildiriblər ki, mübahisə ilə əlaqədar aralarında olan məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni sülh yolu ilə həll etmək məqsədi ilə barışıq sazişi bağlayıblar. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib. İddiaçının şirkətə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə qərarı ilə təsdiq edilib.
Barışıq müqaviləsinə əsasən, iddiaçı məhsul qəbulu və anbarlama şöbəsinə texniki xidmət üzrə sazlayıcı vəzifəsindən azad edilməsi barədə əmr ləğv edilib. MMC tərəfindən işdən çıxarılan işçiyə Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən öz xahişi ilə işdən azad edilməsi barədə əmr verilib və elektron hökumət portalına müvafiq qeydlər aparılıb. Bundan əlavə MMC tərəfindən iddiaçıya məcburi iş buraxmaya görə 5000 manat ödəniş edilməlidir. Məhkəmə qərarında qeyd edilən şərtlər icra edildikdən sonra iddiaçının MMC-yə qarşı iddia və tələbi olmayacaq.
Bundan başqa, tərəflər barışıq sazişinin icrasından könüllü boyun qaçırdıqda bu barışıq sazişi əsasında məhkəmə tərəfindən müvafiq icra sənədinin verilməsi barədə iddiaçı yenidən məhkəməyə müraciət edə bilər.