Bakının mərkəzində -Səbail rayonunun Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi qanunsuz müdaxiləyə məruz qalıb.
Yurd.Media xəbər verir ki, tarixi binada aparılan söküntü və təmir işləri sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlər “ATV Xəbər”ə bildirirlər ki, binanın 3-cü mərtəbəsindəki qeyri-yaşayış sahəsində icazəsiz şəkildə təmir işləri görülüb. Onlar bu müdaxilənin binanın konstruksiyasına zərər verə biləcəyindən, hətta qəzalı vəziyyətin yaranacağından ehtiyat edirlər. Məlum olub ki, vaxtilə yaşayış üçün istifadə olunan həmin mənzil sonradan qeyri-yaşayış sahəsinə çevrilib.
Maraqlısı odur ki, tanınmayan şəxslər binanın birinci mərtəbəsində də müdaxilələr həyata keçiriblər - pilləkən qəfəsinə zərər yetirilib, giriş qapısı və damofon sistemləri sıradan çıxarılıb.
Sakinlər həm söküntünün kim tərəfindən aparıldığını, həm də məqsədin nə olduğunu bilmədiklərini deyirlər.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, pilləkən qəfəsinin zəbt olunan alt hissəsi sahibkar tərəfindən əvvəlki vəziyyətinə qaytarılıb. Lakin sındırılmış qapı və damofonun bərpası ilə bağlı sual hələ də cavabsızdır.
Qanunsu müdaxilələrin dövlət qorumasında olan tarixi abidələrə qarşı yönəlməsi isə ciddi narahatlıq doğurur və məsul qurumların susqunluğu vəziyyəti daha da müəmmalı edir.