Paytaxtın Böyük Şor bulvarı ərazisində yerləşən əyləncə parkında uşaqlar üçün nəzərdə tutulan hava ilə doldurulan attraksion güclü külək nəticəsində parkın digər hissəsinə uçub.
Yurd.Media "İtv"-yə istinadən xəbər verir ki, hadisə baş verən zaman ərazidə azyaşlı uşaqların da olması narahatlıq yaradıb. Valideynlər attraksionlarda təhlükəsizlik və nəzarət sistemləri ilə bağlı tədbirlərin görülməsini tələb ediblər.
Sakinlərin sözlərinə görə, belə qurğular uşaqlar üçün nəzərdə tutulduğundan, onların təhlükəsizliyi daha ciddi şəkildə təmin edilməlidir:
“Nəzarət mütləq olmalıdır. Addımbaşı kim nə istəyir, onu da edir. Hamının körpə uşağı var. Belə hadisələrin qarşısı alınmalıdır”.
“Uşaqların əylənməsi üçün pul ödəyirik. Park rəhbərliyi buna cavabdehdir. Övladlarımızı rahat şəkildə ora buraxmaq istəyirik”,- deyə sakinlər öz narahatlıqlarını bildiriblər.
Mütəxəssislər hesab edirlər ki, belə qurğular vaxtaşırı texniki baxışdan keçirilməlidir. Ekspert Samir Nəbiyev bildirib ki, attraksionların quraşdırılması və istismarı yalnız müvafiq lisenziyaya malik, ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilməlidir:
“Atraksionlar ildə ən azı bir dəfə texniki müayinə və sınaqdan keçirilməlidir. Açıq havada yerləşdikləri üçün korroziya və digər aşındırıcı təsirlərə məruz qalırlar. Bu səbəbdən onların dözümlülüyü və təhlükəsizliyi mütəmadi yoxlanmalıdır”.
Fövqəladə Hallar Nazirliyi isə məsələ ilə bağlı bildirib ki, ölkə ərazisində yalnız mexanikləşdirilmiş attraksionlar texniki baxışa cəlb olunur.
Nazirliyin əməkdaşı Sahil Mənsimov qeyd edib ki, hava ilə doldurulan batut və hava şarları mexanikləşdirilmiş attraksion kateqoriyasına daxil olmadığından onların qeydiyyatı və texniki nəzarəti FHN tərəfindən həyata keçirilmir:
“Mexanikləşdirilmiş attraksionlar tərkib obyektlər kimi qeydiyyata alınır və istismarına nəzarət olunur. Hadisənin baş verdiyi ərazidəki qurğular bu kateqoriyaya daxil olmadığından bizim tərəfimizdən nəzarət olunmur”.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazinin sahibi şifahi olaraq bildirib ki, xoşbəxtlikdən hadisə zamanı heç bir uşaq xəsarət almayıb.