SÜJET
Aprelin 10-u Sabirabadın Bala Həşimxanlı kəndində fərdi yaşayış evində baş vermiş yanğın zamanı xəsarət alan 13 yaşlı Yasəmən Məmmədli Bakıda xəstəxanada vəfat edib.
Yurd.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yeniyetmə qızın həyatına son qoyan yanğın hadisəsi ilə bağlı təsirli məqamlar üzə çıxıb.
Yaxınları bildiriblər ki, yanğın gecə saat 3 radələrində baş verib və 6 nəfərdən ibarət olan Məmmədovlar ailəsi çox təşviş keçirib.
Tüstünün içərisindən həyətə çıxan Yasəmən həmin vaxt atası Xalid Məmmədovla kiçik qardaşını görə bilməyib və onların yanan evdə qalmasını düşünərək xilas etməyə çalışıb. O, evə daxil olub, lakin atası ilə qardaşını tapa bilməyərək yanmış halda çölə çıxıb.
Məlumata görə, həmin vaxt onun atası ilə qardaşı evin arxa pəncərəsindən çıxaraq xilas olublarmış.
Hadisədən sonra Yasəmən ağır yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaya çatdırılıb və 4 dəfə əməliyyat edilib. Mayın 13-də anasının dərisinin qızına köçürülməsi əməliyyatı nəzərdə tutulsa da, o vəfat edib.