Xəzərin sahili qırmızı rəngə boyanıb, ətrafı kəskin qoxu bürüyüb.
Yurd.Media xəbər verir ki, Xəzərin Türkan qəsəbəsi sahilində artıq bir neçə gündür ki, müşahidə olunan bu mənzərə sakinləri narahat edir. Sahilboyu üfunət qoxusu hər gün daha da kəskinləşib.
“Bu hal Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Dəniz elə bil al qan rənginə bulanmışdı. Sahildən 15-20 metr məsafəyə qədər pis qoxu hiss olunur, iyindən yaxınlaşmaq mümkün deyil,” – sakinlərdən biri belə deyib.
Yerlı əhali iddia edir ki, oxşar vəziyyət Hövsan qəsəbəsi sahillərində də müşahidə olunur.
“Uzun müddətdir bu ərazidə yaşayıram, amma belə qoxu əvvəllər olmayıb. Təxminən bir həftədir bu iy gəlir. Türkanla Hövsanda eyni vəziyyətdir. Ola bilər ki, Hövsandan kanalizasiya dənizə axıdılır,” – deyə digər sakin bildirib.
Məsələ ilə bağlı "Xəzər Xəbər" Suların İstifadəsinə və Mühafizəsinə Cavabdeh quruma müraciət edib. Qurumdan verilən məlumata görə, ərazidən su nümunələri götürülüb və mərkəzi laboratoriyaya təqdim olunub. Yaxın bir həftə ərzində analizlərin nəticələri açıqlanacaq və faktla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək.