Xəzər dənizinin səviyyəsinin azalması sahilboyu ərazilərin mənzərəsini dəyişməkdə davam edir. Son 1 il ərzində bir qədər mənzərə yaxşılığa doğru getsə də ümumi proses problemin nə dərəcədə böyük olduğunu göstərir.
Yurd.Media Xəzərin Bakı sahillərindəki geri çəkilmə prosesi vizual olaraq nümayiş etdirmək üçün eyni məkanlardan və eyni rakurslardan bir il fərqlə çəkilmiş fotoları xüsusi slayder vasitəsilə təqdim edir.
Prezident İlham Əliyev bu ilin oktyabr ayında Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edərkən bildirib ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır.
"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb".
Dövlətimizin başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir", - deyə Prezident bildirib.
İlham Əliyev vurğulayıb ki, sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük:
"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”, - dövlət başçısı bildirib.
Alman və holland tədqiqatçılarının hesablamalarına görə, 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi indikindən 9-18 metr aşağı olacaq. Dəniz hövzəsinin sahəsi isə 23-34 faiz daralacaq. Alimlərin fikrincə, bu, regionun ekologiyasında, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq.
Ekoloqların fikrinə görə, Xəzərdə baş verən proseslərin bir neçə əsas səbəbi var. Onlardan biri suda zərərli maddələrin konsentrasiyasının artmasıdır. Digər amil isə Qara dənizdən Volqa kanalı vasitəsilə Xəzərə daxil olan yad fauna növləridir. Dənizdə əvvəllər olmayan meduza kimi canlıların yayılması ekosistemi pozur və ciddi ekoloji problemlər yaradır.