SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Hacıqabulda selin fəsadları: 100-dən çox ailəyə ziyan dəydi

Hacıqabulda selin fəsadları: 100-dən çox ailəyə ziyan dəydi

  • 09 may 2025, 21:09
Hacıqabul

"Sel nəticəsində sakinlərə dəyən ziyanı hesablamaq üçün mütəxəssislər lazımdır. Ən az yüz ailəyə ziyan dəyib".

Yurd.Media xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Hacıqabulun Udullu kənd bələdiyyəsinin sədri Elşən Məhərrəmov deyib.

"Ailələr var ki, 10 baş qoyununu, toyuq-cücəsini sel aparıb. Ailələrə dəyən ziyanın məbləği ilə bağlı hazırda dəqiq nəsə demək çətindir. İlkin olaraq bölgədə fövqəladə vəziyyət aradan qaldırılır. Bizdə böyük Mustafayev gölü var, orada hələ də təhlükə davam edir. Suyun səviyyəsi qalxır və hər an ətrafı su basa bilər. Bunun qarşısını almaq üçün işlər görülür, bölgədə ağır texnikalar işləyir", - E. Məhərrəmov vurğulayıb.

Bələdiyyə sədri məktəblərdə tədrisin təşkilində heç bir fasilənin olmadığını bildirib:

"Bu ərazidə beş məktəb var. Məktəblərə ziyan dəyməyib. Şagirdlərin dərs buraxma halları olmayıb. Tədris normal şəkildə davam etdirilir".

Bələdiyyə sədri qeyd edib ki, sakinlər onlara dəyən ziyanın müəyyən qədər ödənməsini istəyirlər.

"Bu da Rayon İcra Hakimiyyətinin diqqətindədir. Dəyən ziyanla bağlı komissiyanın yaradılması ehtimal olunur. O zaman dəyən ziyanın həcmi məlum olaca və kimə nə qədər ziyan dəydiyini, kimə hansı həcmdə köməklik göstərilməli olduğunu dəqiq biləcəyik. Görüşdüyüm bütün ailələr dəyən ziyanın hesablanmasını istəyirlər. Biz də həmin ailələri qeydiyyata götürmüşük", - sədr vurğulayıb.

Xatırladaq ki, mayın 6-dan Hacıqabulda yağan intensiv leysan rayon mərkəzində və bir neçə kənddə subasmaya səbəb olub. Leysan yağışlar nəticəsində rayon mərkəzi, həmçinin Muğan qəsəbəsi, Birinci Udulu, İkinci Udulu, Şorbaçı, Rəncbər, Qubalı Baloğlan, Pirsaatçay kəndlərində bir sıra ev və təsərrüfatlar subasmaya məruz qalıb.