"Sea Breez"də fəaliyyət göstərən premium gül və floristika mağazası “Fleur de Lis" cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən şirkətdə yoxlama aparılıb.
Məlum olub ki, “Fleur de Lis" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Dövlət Vergi Xidmətindən Maliyyə Nazirliyinə daxil olmuş məktubda qeyd olunub ki, 2024-cü ilin göstəricilərinə əsasən “Fleur de Lis" MMC orta və iri sahibkarlıq subyekti bölgüsü meyarlarına uyğun olaraq hazırda fəaliyyət göstərir.
Azərbaycan Auditorlar Palatasının auditi aparılmış təsərrüfat subyektlərinə dair məlumatdan çıxarışdan görünüb ki, şirkətin audit yoxlamasından keçməsi barədə məlumat mövcud deyil.
Maliyyə Nazirliyi bütün halları araşdırıb və sonda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Fleur de Lis" 2 ildir ki fəaliyyət göstərir. Şirkətin direktoru Nərmin Hacıyevadır.