“Bravo” mağazalar şəbəkəsinə məxsus Binəqədi rayonunda yerləşən marketdə qanun pozuntusu aşkar olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 42C ünvanında yerləşən “Bravo” marketin havalandırma sisteminə məxsus qurğuların işlədiyi müddətdə ətraf-mühitə təsirin səviyyəsinin 72.8 dBA olması (norma 60dBA) qeydə alınıb.
Beləliklə, “Bravo” marketə məxsus havalandırma və soyutma sistemindən yayılan səs-küy və vibrasiya çirklənməsinin ətraf mühit üçün yol verilən normadan artıq olması müəyyən edilib. Marketlər şəbəkəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola dair şəbəkənin İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilə bilməyib. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınıb.
Bu qərardan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Xatırladaq ki, “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğul olan “Azərbaycan Supermarket” MMC 2015-ci ilə yaradılıb.