Müştərinin sifarişi ilə bağlı qanun pozuntularına yolı verən mebel istehsalçısı cəzalandırılıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yumşaq mebellərin istehsalını və satışını həyata keçirən “Divançı.az” MMC-də qanun pozuntusu aşkarlayıb.
Buna görə də Dövlət Agentliyi iyunun 4-də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.9-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Cərimə protokolu mebel şirkəti tərəfindən istehlakçıya təqdim olunan sifariş blankına qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edildiyinə görə tərtib olunub.
Xatırladaq ki, İXM-in 447-ci maddəsi istehlakçıların hüquqlarının pozulması hallarını müəyyən edir. 447.0.9-cu maddədə isə deyilir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Divançı.az” MMC 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. 2021-ci ildə yaradılan “DivanChi İnteriors” markası altında fəaliyyət göstərir. Şirkətin təsisçisi Fərrux Əliyev, qanuni təmsilçisi isə Zülfüqar Hüseynlidir. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 20509.76 manat vergi borcu da mövcuddur.