Azərbaycanda fəaliyyət göstərən daha bir iri şirkətin böyük həcmdə borcu üzə çıxıb.
Yurd.Media "Plat.az"ə istinadən xəbər verir ki, "Baku Electronics" MMC-nin 87 min 316 manat vergi borcu var.
Qeyd edək ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 16 746 300 manat, qanuni təmsilçisi isə, Saeid Nakhjavanidir. O, eyni zamanda "Vvaft coffee" MMC-nin də rəhbəridir.
"Baku Electronics"in sahibi "NAB Holding” şirkətidir. "NAB Holding" Azərbaycanda "Bank of Baku", "Baku Electronics", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibidir. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır. Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Xatırladaq ki, "NAB Holdinq" şirkətinin fəaliyyəti öncəki illərdə Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilib və onun fəaliyyətində şübhəli məqamların olduğundan bəhs edilib. Şirkətin adı mediada tez-tez Eromi ailəsi - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), Omid Eromi (Behram Erominin qardaşı oğlu) adı ilə yanaşı çəkilib.