“Universal İnkişaf Grupu” (UDG) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 60 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində onun 34 min avro məbləğində olan hissəsinə alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Universal İnkişaf Grupu” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 6800 avro cərimə edilib.
Qeyd edək ki, Universal Development Group 2001-ci ildə təsis edilmiş fərdi tikinti və daxili təmir (fitout) şirkətidir. Şirkətin ixtisaslaşdığı sahələr daxili təmir-bəzək (fitout), dəmir-beton konstruksiya işləri, fasad, dam örtükləri, alçıpan və asma tavan sistemləri, eləcə də metal işləridir. UDG Bakıda bir çox irimiqyaslı layihələrdə, o cümlədən "Tekfen Construction" ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının daxili təmir, rəngsazlıq və tavan işlərinin icrasında iştirak edib. Şirkətin direktoru türkiyəli İrfan Okumuşdur.