"Bölgələrdə çalışırlar ki, investorlarlı yönəltsinlər".
Bunu iqtisadçı Natiq Cəfərli Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Onun sözlərinə görə, investorları yönləndirmək lazım deyil, onların özünün qərar verməsi üçün şərait yaradılmalıdır:
"Amma bizdə əsasən hansısa biznes bir az uğur qazanırsa, yerli İcra Hakimiyyətlərindən gəlib qapısını döyürlər. Nə qədər belə bizneslər bağlanıb. Amma seçilmiş olsa, sabah camaat gedib deyəcək ki, niyə bizim çörəyimiz ilə oynayırsan. Sənə səs verməyəcəyik".
Onun sözlərinə görə, idarəetmədə yaranan bu məsələlər investisiyalar üçün də problemlər yaradır:
"Bütün investisiya imkanları Bakı və Abşeronda cəmlənib. Sonra hamı şikayət edir ki, Bakı yaşanılmaz hala gəlib. Çünki investisiya, iqtisadi imkanlar buradadır. Nə qədər qəribə səslənsə də, Bakı bölgələr ilə müqayisədə daha azaddır. Yəni Bakının rayonlarının İcra hakimiyyətlərinin səlahiyyəti rayon İcra hakimiyyətinin səlahiyyəti qədər deyil. Çünki Bakıda mərkəzi hökumət orqanları var - birindən o birinə şikayət etmək olur".