Dövlət Neft Fondu (ARDNF) ABŞ-da yerləşən və "BlackRock"un tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq investisiya edib.
Fonddan Yurd.Media-ya bildirilib ki, bu, qurumun Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.
Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan "London Qatvik" hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik yerli hökumətin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub.
Proqnozlara əsasən, 2030-cu illərin sonlarına qədər hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqr. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir. 2019-cu ildə "VINCI Airports" Qatvik hava limanının 50,01 %-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir. Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.