“Azbioresurs”un Rusiyaya ixrac etdiyi dondurulmuş kilkə balığının xarab olduğu üzə çıxıb.
Yurd.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən “Azbioresurs” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati protokol tərtib olunub.
Sənəddə qeyd olunub ki, “Azbioresurs” MMC Rusiya Federasiyasında fəaliyyət göstərən “Eko Fish” şirkəti arasında bağlanılmış 2024-cü il tarixli müqaviləyə uyğun olaraq gömrük bəyannaməsi üzrə “dondurulmuş kilkə balığı” yükü ixrac edilib.
Lakin xarici iqtisadi fəaliyyətlər nəticəsində ümumilikdə 639540 rubl məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ölkəmizin müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilib.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati xətanın bilavasitə obyekti olan 639.540 rubl məbləğinin 30 faizi miqdarında, yəni 191.862 (təxminən 4500 manat - red.) rubl məbləğində cərimə edilib.
Bu qərardan MMC-nin rəhbəri tərəfindən apellyasiya şikayəti verilib. O, Binəqədi Rayon Məhkəməsinin qərarının dəyişdirilməsini istəyib.
Şikayət onunla əsaslandırılıb ki, ixrac zamanı baş vermiş müəyyən problemlərə əsasən dondurulmuş kilkə balığının bir hissəsi xarab olaraq yararsız vəziyyətə düşüb.
Buna əsasən “Eko Fish” şirkəti tərəfindən “Azbioresurs”a rəsmi pretenziya məktubu göndərilərək, saf vəziyyətdə qalmış dondurulmuş kilkə balığını yenidən qiymətləndirərək, yalnız məbləğin bir hissəsini ödəyib.
Bakı Apellyasiya Məhkəməsi şikayət təmin etməyib.// Teleqraf