Qrafik prosessorların hazırlanmasında dünya liderlərindən biri olan Nvidia və süni intellekt əsaslı kənd təsərrüfatı robotlarının istehsalçısı "Carbon Robotics" alaq otlarına qarşı mübarizədə "LaserWeeder G2" robotunu yaradıblar.
Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, traktor tərəfindən çəkilən bu qurğu əhəmiyyətli hesablama gücünə və alaq otlarını müəyyənləşdirmək üçün 36 yüksək keyfiyyətli kameraya malikdir. Robot, hər biri 240 Vt gücündə olan 24 diod lazerlə alaq otlarını məhv edir.
Robot bir dəqiqədə 10 min və ya saatda 600 min alaq otunu məhv etmək qabiliyyətinə malikdir. "LaserWeeder G2" saatda 2-4 hektar ərazini emal edə bilir ki, bu da 75 nəfərlik briqadanın imkanlarından daha üstündür. Onun iş effektivliyi 99% təşkil edir - demək olar ki, bütün alaq otları məhv edilir.
Robotun herbisidlərlə müqayisədə mübahisəsiz üstünlükləri var. Birincisi, yüksək dəqiqlikli robot daha təhlükəsizdir, ikincisi isə alaq otları bu cür emal üsuluna adaptasiya formalaşdırmır.
Mütəxəssislərin fikrincə, belə texnologiyalar gələcəkdə kənd təsərrüfatının daha dayanıqlı və effektiv olmasına kömək edəcək. Nvidia-nın süni intellekt texnologiyaları sayəsində robot müxtəlif bitki növlərini tanıya və yalnız alaq otlarını hədəfə ala bilir, bu da əkin sahələrinin daha dəqiq idarə olunmasına imkan verir.