Dövlət qurumları tərəfindən kənd təsərrüfatı və torpaqların idarə olunmasına nəzarət güclənilməlidir.
Bunu deputat Razi Nurullayev Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və torpaqlar idarə olunmalıdır:
"Bu sahənin necə idarə olunması ilə bağlı yolları Kənd Təsərrüfatı Nazirliyi bilir. Lakin həyata keçirilməsi ilə bağlı problemlər var. Əslində Azərbaycanda problemlərin necə olduğu, həll olunması ilə bağlı proqramlar var, xarici təcrübə öyrənilir, sadəcə həyata keçirilmir, həyata keçirilməsi sürətləndirilmir".
Deputat vurğulayıb ki, bunun obyektiv və subyektiv səbəbləri var:
"Azərbaycanda hər hansı bir problemi aidiyyatı dövlət qurumları ilə danışsanız, onlar həlli yollarını deyəndə təəccüb yaranır. Sadəcə bunu edə bildikləri halda, etmirlər. Ya vəsait yoxdur, ya vəsaiti almaqda çətinlik çəkirlər, ya müraciətə vaxtında baxmırlar, ya da vəsait ayrılır, həyata keçirmədən büdcəyə geri qaytarırlar. Bu bacarıqsızlıq hesab edilir".
Həmçinin Razi Nurullayev torpaq planlaşdırılması ilə bağlı düzgün yolların seçilməsinin vacib olduğunu bildirib:
"Torpaq planlaşdırılmalıdır. Su həmin sahəyə çatdırılacaqsa, əvvəlcədən lazımi qurumlara müraciət olunmalıdır. Çünki quraqlıq ola bilər, bu barədə xəbərdarlıq edilməlidir. Bütün təhlükə halları nəzərə alınaraq, fermerlərə vaxtında deyilməlidir. Bu kimi məsələlər lazımi dövlət qurumlarının, İcra hakimiyyətlərinin məsuliyyəti və vəzifəsi hesab edilir. Onlar bütün riskləri fermerlərə izah etməlidir".