Turizm Agentliyinin səlahiyyətlərinə daxil olmayan bir çox məsələlər var ki, nəticədə turistlər incidilir.
Bu fikirləri deputat Razi Nurullayev “Yurddaş” verilişində müsahibəsində səsləndirib.
Deputat bildirib ki, Turizm Agentliyinə əlavə səlahiyyətlər verilməli və məsuliyyət tam olaraq onların üzərində olmalıdır:
"Beləliklə, hər hansı problem yarandıqda məsuliyyətin kimdən soruşulacağı aydın olmalıdır".
Onun sözlərinə görə, bəzi turizm şirkətləri turistləri aldadır və incidirlər. Hətta restoranlarda da buna rast gəlinir:
“Bunun özüm də şahidi olmuşam. Təxminən 20 gün əvvəl olduğum restoranda iki Avstriya vətəndaşı vardı. Orada dedilər ki, qutabı bizə 1 manata, onlara isə 3 manata satacaqlar. Bir çox restoranlarda yerli və xarici vətəndaşlar üçün iki ayrı menyu mövcuddur”.
Deputat əlavə edib ki, oxşar vəziyyətə taksi xidmətlərində də rast gəlinir. O, Finlandiyadan gəlmiş turistlə bağlı hadisəni xatırladıb:
“Turistin yol haqqı 8 manat olduğu halda, taksi sürücüsü ondan 100 manat tələb etmişdi. Bu, bir çox ölkədə rast gəlinən haldır, amma bu dərəcədə olması yolverilməzdir”.
Razi Nurullayevin sözlərinə görə, belə hallar turistlərin Azərbaycana marağına zərbə vurur: “Onlar sosial şəbəkələrdə Azərbaycan haqqında mənfi fikirlər əks etdirən videolar paylaşırlar. Bu isə ölkəmizin imicinə mənfi təsir göstərir. Düşünürəm ki, bu istiqamətdə mütləq ciddi tədbirlər görülməlidir”.