Bu gün səhər saatlarından etibarən İsrail ABŞ-ın dəstəyi ilə İran ərazisinə zərbələr endirməyə başlayıb. Tərəflər arasında gərginlik yeni mərhələyə keçib və vəziyyətin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı artır.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədri, politoloq Samir Hümbətov Yurd.Media-ya bildirib ki, baş verən ikinci İsrail–İran müharibəsi birincidən daha geniş miqyas ala bilər və birbaşa regiona ciddi təsir göstərə bilər.
Onun sözlərinə görə, İran artıq ABŞ-ın regionda yerləşən hərbi bazalarını hədəfə alır ki, bu bazalar Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrdə yerləşir. Bu isə açıq şəkildə ciddi təhlükə siqnalı kimi dəyərləndirilir.
politoloq Samir HümbətovSamir Hümbətovun fikrincə, İsrail isə öz növbəsində İrandakı nüvə obyektlərini hədəf aldığını və qabaqlayıcı zərbələr endirdiyini bəyan edir. Politoloq vurğulayıb ki, müharibə bu gün başlayıb və yaxın zamanda dayanması ehtimalı olduqca zəifdir.
Onun sözlərinə görə, İran uzun müddətdir müdafiəyə hazırlaşırdı, eyni zamanda ABŞ və İsrail də bu müharibəyə planlı şəkildə hazırlaşmışdı. Bu səbəbdən prosesin ikimərhələli xarakter daşıdığı görünür.
Politoloq qeyd edib ki, ABŞ açıq şəkildə hədəfinin mövcud rejimin dəyişdirilməsi olduğunu bəyan edib. Bu isə o deməkdir ki, İranda rejim dəyişikliyi baş verməyənədək qarşıdurmanın dayanması ehtimalı azdır. Samir Hümbətov əlavə edib ki, hazırda döyüşlərin getdiyi bir vaxtda hadisələrin tam inkişaf trayektoriyası barədə qəti fikir söyləmək hələ tezdir.