Azərbaycanda 5 il əvvəl qəbul olunan turizmlə bağlı qanun dəyişdiriləcək.
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib ki, 2021-ci ilin sonunda qəbul edilən “Turizm haqqında” qanunun artıq yenilənməyə ehtiyacı var.
O qeyd edib ki, son illərdə sektorda baş verən dəyişiklikləri nəzərə alaraq yeni qanun layihəsi hazırlanıb və hökumətlə müzakirəyə təqdim olunacaq.
“Ötən il rebrendinq prosesinə başlanılıb və onun gələn ay yekunlaşması planlaşdırılır. Yeni yanaşma Azərbaycanın beynəlxalq səviyyədə daha müasir və korporativ imicinin formalaşdırılmasına xidmət edir.
2019-cu ildə aparılmış qlobal araşdırmaya görə, Azərbaycan beynəlxalq turizm bazarında demək olar ki, tanınmırdı və turist istiqaməti kimi diqqət mərkəzində deyildi. Məhz buna görə ölkənin tanıdılması əsas hədəflərdən biri olub. Turizm brend və institusional dəstək olmadan da inkişaf edə bilər, lakin bu, sistemli və dayanıqlı şəkildə baş vermir.
2025-ci ildə aparılan araşdırmaya əsasən, Azərbaycanın turizm istiqaməti kimi nəzərdən keçirilmə göstəricisi orta hesabla 48%-ə yüksəlib. Bu göstərici Türkiyədə 90%, Almaniyada 30%, BƏƏ-də 40%, Səudiyyə Ərəbistanında isə 75% təşkil edir".
Onun sözlərinə görə, bu rəqəmlər yalnız turizm potensialını deyil, həm də ölkənin iqtisadi, siyasi və geosiyasi imicinin bazarlarda necə qəbul olunduğunu əks etdirir.
"Turizmin inkişafı tələb və təklif arasında düzgün balansın qurulmasından asılıdır. Hesabatda da qeyd olunduğu kimi, bu istiqamətlər üzrə görülən işlərin daha ətraflı müzakirəsi növbəti sessiyalarda aparılacaq”.