SÜJET
III MDB Oyunlarının keçiriləcəyi 7 bölgə üzrə turizm təcrübələri və məhsullarını əhatə edən tur-proqramların hazırlanması üzrə işlər aparılır.
Bu barədə Yurd.Media-ya Dövlət Turizm Agentliyindən bildirilib.
Bildirilib ki, 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib, lakin Oyunlar zamanı iştirakçı və idmançı heyətindən əlavə, Azərbaycana turistlərin də gəlməsi gözlənilir:
"Bu səbəbdən sözügedən şəhər və regionlarda yerləşmə vasitələrinin monitorinq və ulduz dərəcələrinin təyin edilməsi prosesi davam etdirilir", - Agentlikdən bildirilib.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə "Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və ölkənin daha 6 şəhərində keçiriləcək. Oyunlar sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək. Yarışlar 23 idman növünü əhatə edəcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək. Oyunlarda MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan Hökumətinin dəvəti əsasında bir sıra digər ölkələrin idmançılarının da iştirakı gözlənilir.