İtaliyanın Milli Qəhrəmanı olan azərbaycanlının ev muzeyi təmir olunacaq

İtaliyanın Milli Qəhrəmanı olan azərbaycanlının ev muzeyi təmir olunacaq

  • 14 aprel 2025, 15:34
İsmayıllı

İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Partizan Məmməd Bağırovun ev muzeyində bədii-tərtibat işləri aparılacaq.

"Yurd.Media" xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Partizan Məmməd Bağırov kimdir?

"Partizan Mamed" ləqəbli Məmməd Səməd oğlu Bağırov (1922-1997) İtaliyanın Milli Qəhrəmanı, Qızıl Harribaldi Ulduzunun kavaleridir.

O, İtaliya dövlətinin ali fəxri mükafatına layiq görülmüş yeganə azərbaycanlı müharibə veteranıdır.

Məmməd Səməd oğlu Bağırov 20 mart 1922-ci ildə Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonunun Basqal qəsəbəsində sənətkar ailəsində anadan olmuşdur.

Alman əsgərlərinə əsir düşsə də, əsirlikdən qaçıb İtaliyada partizan hərəkatına qoşulmuş və çox böyük nüfuz qazanmışdır.

Müharibə bitdikdən sonra 1978-ci ildə Məmməd Bağırov həyat yoldaşı Şəfiqə xanımla birgə İtaliyaya səfər edir. Həmin səfər zamanı İtaliyanın prezidenti, müqavimət hərəkatının fəallarından biri olmuş Aleksandro Pertini tərəfindən qəbul edilmişdir. O, həmyerlimizə "İtaliyanın partizanı" fəxri diplomunu təqdim etmişdir.

1978-ci ildə həmçinin Məmməd Bağırovun İtaliyanın ən yüksək hərbi mükafatı "Qızıl Ulduz" ("Harribaldi Ulduzu") ilə təltif olunması haqqında qərar qəbul olunmuşdur.

1980-ci ildə həmyerlimizə İtaliya hökuməti tərəfindən fərdi pensiya təyin olunur.

Bundan başqa, 1984-cü ildə "Şöhrət" ordeninə (İtaliya) layiq görülür.

Məmməd Bağırov İtaliya şəhərlərinin azad olunmasına həsr edilmiş 14 yubiley medalı, 2 fəxri diplom, II dərəcəli Vətən müharibəsi ordeni (SSRİ) ilə təltif edilmişdir.