SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
GoTürkiye dünyanın ən güclü turizm hesablarından birinə çevrilib

GoTürkiye dünyanın ən güclü turizm hesablarından birinə çevrilib

Türkiyə turizmin rəqəmsal tanıtımında aparıcı gücə çevrilib. GoTürkiye bu uğurun əsas nümunəsidir. Go Türkiye ölkənin rəsmi qlobal turizm portalıdır. Ölkənin mədəni irsi və turizm sərvətlərini bir dam altında toplayan bu portal, sosial şəbəkələrdə təqdim etdiyi vizual cəlbedici və hekayə yönümlü kontentlə milyonların rəğbətini qazanır.

"YouTube" uğurları
GoTürkiye-nin "YouTube" kanalı Türkiyənin qeyri-adi məkanlarını və unudulmaz təcrübələrini dünya auditoriyasına kino estetikası ilə təqdim edir. Burada “Antalya Gambit”, “İstanbul My Love” kimi orijinal mini-seriallar, eləcə də “Be Our Guest” adlı maraqlı formatlarla izləyicilər ölkənin müxtəlif şəhərlərində səyahət edən influenserlərin gözü ilə tanış olurlar.

Son aylar kanalın artımı rekord göstəricilərlə müşahidə olunub: abunəçilərin sayı 146% artaraq 2,1 milyondan 5,2 milyona yüksəlib, baxış sayı isə cəmi altı ayda 763 milyona çataraq 55% artım göstərib. Əlaqələr (bəyənmələr, şərhlər, paylaşımlar) isə 123% yüksələrək 122,6 milyona çatıb. Bu nəticələr GoTürkiye-nin "YouTube" kanalını platformada ən güclü milli turizm tanıtım hesabına çevirib.

Kanalın ən səs-küylü layihələrindən biri olan Sight & Sound Sessions isə dünya miqyasında böyük maraq toplayıb: yalnız YouTube-da 15,5 milyon baxış və 1,7 milyon saat izlənmə qazanıb. Bu layihə çərçivəsində Andrea Vanzo, Einmusik, Sébastien Léger, Oliver Koletzki, Kadebostany, Chris Luno, Sezer Uysal, Korolova və Miss Monique kimi dünya şöhrətli musiqiçilər Pamukkale, Akyaka, Tuz gölü, Artvin, qədim Side şəhəri və Bolu kimi unikal məkanlarda canlı performanslar sərgiləyiblər.

"TikTok"-da sürətli yüksəliş
GoTürkiye TikTok-da da sürətli inkişaf nümayiş etdirib. Burada kontent daha dinamik, trendlərə uyğun şəkildə hazırlanaraq həm əyləncəli, həm də məlumatlandırıcı xarakter daşıyır. Turkuaz sahillərin və qədim şəhərlərin dron görüntülərindən tutmuş, məşhur marşrutları tanıdan qısa mətnli paylaşımlara, hətta trendlərə uyğun zarafatlı videolara qədər hər bir paylaşım izləyicilərin marağına səbəb olur.

Nəticələr isə göz qabağındadır: hesabın izləyici sayı 34% artaraq 4,63 milyona çatıb, baxış sayı isə cəmi altı ayda 53% artımla 1,4 milyarda yüksəlib. Bu sürətli inkişaf GoTürkiye-ni TikTok-da da ən güclü milli turizm tanıtım hesabı mövqeyinə gətirib çıxarıb.

"Instagram"-da dominantlıq: GoTürkiye dünyanın ən güclü turizm hesablarından birinə çevrilib

GoTürkiye-nin "Instagram" hesabı Türkiyənin zəngin və rəngarəng təcrübələrini müxtəlif paylaşımlar vasitəsilə izləyicilərə təqdim edir, onları ölkəni kəşf etməyə dəvət edir. Qısa, ancaq dolğun reels videoları bir dəqiqədən az vaxtda Türkiyənin ritmini göstərir: ənənəvi türk mətbəxindən ilhamlanan reseptlər, nəfəskəsən mənzərələr və tematik səyahətlər izləyicilərə unudulmaz rəqəmsal təcrübə yaşadır.

Sadəcə bir il ərzində nəticələr göz qabağındadır: 2024-cü ilin ilk yarısında 538 milyon olan baxış sayı bu ilin eyni dövründə 812 milyona yüksələrək 51% artım göstərib. Eyni zamanda, istifadəçi əlaqələri (bəyənmələr, şərhlər, paylaşımlar) 127% artaraq 141 milyona çatıb. İzləyici sayı isə 3,2 milyondan 3,7 milyona yüksəlib – bu da 15%-lik artım deməkdir. Bu göstəricilərlə GoTürkiye-nin Instagram hesabı ölkə əsaslı tanıtım hesabları arasında dünyada ikinci yerə yüksəlib.

Dünya miqyasında rəqəmsal mədəniyyət elçisi
GoTürkiye-nin uğuru yalnız "YouTube", "TikTok" və "Instagram"-la məhdudlaşmır. Platforma eyni zamanda "Facebook", "X"(Twitter), "WhatsApp", "Douyin" (Çin) və "VKontakte" (Rusiya) üzərindən də milyonlarla izləyici ilə əlaqə qurur. Bu çoxkanallı yanaşma sayəsində GoTürkiye qlobal miqyasda güclü və davamlı bir əlaqə şəbəkəsi formalaşdırıb.

Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) məlumat əsaslı və çoxsəviyyəli rəqəmsal strategiyaları nəticəsində GoTürkiye artıq sadəcə tanıtım platforması deyil, rəqəmsal müstəvidə Türkiyənin mədəniyyət elçisinə çevrilib.

Prime Leasing