SÜJET
2025-ci ilin ilk yarısında Azərbaycana xarici turist axınında azalma müşahidə olunub.
Yurd.Media xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına əsasən, iyun ayında ölkəyə 237,5 min nəfər xarici vətəndaş səfər edib ki, bu da ötən ilin iyun ayına nisbətən 11 faiz azdır. Yanvar–iyun aylarında isə ümumi gəlmə göstəricisi 1,2 milyon nəfər olub və bu, ötən ilin eyni dövrünə görə 1 faiz azdır.
İlin ilk yarısında Azərbaycana daha çox Rusiya və Türkiyədən səfər edilib. Hindistandan gələnlərin sayı əvvəlki ilə nisbətən artıb, İrandan isə azalma müşahidə olunur. Gürcüstan, Qazaxıstan və Səudiyyə Ərəbistanından səfərlər artıb, Çin, Özbəkistan və Ukraynadan gələn turistlərin sayında da nəzərəçarpacaq yüksəliş qeydə alınıb. Regionlar üzrə baxdıqda, gələnlərin təxminən 25 faizi Rusiyadan, 18 faizi Türkiyədən, 14 faizi isə Cənubi Asiya ölkələrindən olub. Yaxın Şərqdən gələnlərin payı 10 faizə yaxın, İrandan isə 9 faiz civarındadır.
Azərbaycan vətəndaşlarının xaricə səfərlərində Türkiyə, Rusiya və Gürcüstan lider mövqelərdədir. Bundan əlavə, İrana, Birləşmiş Ərəb Əmirliklərinə, Qazaxıstana və Səudiyyə Ərəbistanına da səfərlər üstünlük təşkil edib. Bakı, Lənkəran–Astara, Quba–Xaçmaz və Şəki–Zaqatala bölgələri daxili turizmdə ən populyar istiqamətlər olub.
Buna baxmayaraq, mehmanxanalarda yerləşən qonaqların sayı azalıb. Hesabat dövründə 471,5 min nəfər mehmanxana xidmətlərindən istifadə edib ki, bu da ötən ilin göstəricisindən aşağıdır. Ən çox yerləşmə Bakı, Quba–Xaçmaz və Şəki–Zaqatala bölgələrində qeydə alınıb.