SÜJET
Yayın istisindən hərə bir tərəfə qaçıb gizlənib. Kondisioner altında yaşayanlar səhərdən axşama kimi dəniz qırağında çadır qurub gününü elə orada keçirənlərə bir növ həsəd aparırlar. Xəzər dənizindəki ümumi mənzərəni mətbuat da, sosial media da işıqlandırır. Razı qalan da var, narazı da qalan.
Son illərdə kortəbii şəkildə formalaşan, Bilgəh qəsəbəsində yerləşən çimərliklərdən biri də “Daçniki” adı ilə tanınır. Mövsüm başladıqdan sonra adi günlərdə orta, istirahət günlərində isə dəhşətli sıxlıq olan bu məkan nədənsə minlərlə insanın sevimli istirahət yerinə çevrilib. 25-30 il öncə bu yerlərdə çimmək təhlükəli sayılırdı. Burada həm burulğanlar vardı, həm də bu yerin relyefi məqbul sayıla bilməzdi. Dənizə girən hər bir şəxs o dəqiqə boğazacan suya qərq olurdu. Buralara nə gələn vardı, nə gedən. Hərdən bir yaxınlıqdakı bağlardan insanlar gəlirdilər. Heç kim uşağını gözündən uzağa qoymazdı.
Son dövrlərdə dəniz geri çəkildiyindən çimərlik üçün xeyli yararlı sahələr yaranıb. Elə də dərin deyil, əvvəlki burulğanlar də yoxdur, əgər çox uzağa getməsən, dəniz dizdən bir qədər yuxarı olacaq. Uşaqlar da problem olmadan bütün günü dənizdə çimə bilirlər.
Həftəsonu buraya əməlli-başlı insan axını olur. Avtomobili yerləşdirmək üçün belə yer tapmaq mümkünsüz bir işə çevrilib. 4-5 maşın sırasında bir boş yer tapdınsa, deməli bəxtin gətirdi. Gələn də əsaslı gəlir, maşını yemək-içməklə doldurur. Geyim, dəsmal, stəkan, qab-qacaq, samovar gətirən kim. İmkanı olan maşınına manqal, kömür, top, energetik içki, qəlyan, 30-40 litr su, qarpız, yemiş yükləyir. Kiçik bir yazıda istirahətə gələnlərin bütün əşyalarını ifadə etmək çətin olduğundan bir növ qeyd olunanlarla kifayətlənmək olardı. Di gəl, məsələ bununla bitmir.
Sanballı arabada gəlmisənsə, deməli həm də ona uyğun güclü səs qurğuları da olmalıdır. Gecə od qalamaq üçün odun, qaranlıqdan qorunmaq üçün isə işıq fənərlərini də gərək unutmayasan. Siqaret çəkən siqaret, pivə-araq içən isə alkoqollu içkiləri özü ilə gətirməlidir. Tum həvəskarları da yeri gələndə günəbaxandan bir neçə kilo gətirməkdən çəkinmirlər. Nərd, domino, kart kimi oyunlara yer tapılmalıdır, yoxsa maraqlı olmaz. Uşaqla gələn oyuncaq və yer qazmaq üçün lazımı alətləri gətirəcək.
Çadır, zont, stol-stul, gündən qorunmaq üçün xüsusi papaq və kremləri də gətirməlisən, yoxsa istirahətin zay olub gedəcək. Bir sözlə, dənizə gedən hərtərəfli silahlanmalıdır.
Bir tərəfdən hazırlıqlı olmaq, hətta özünlə ağcaqanada qarşı dərman götürmək olduqca yaxşıdır, digər tərəfdən isə bu cür yüklənmənin problemi də az deyil. “Daçniki” çimərliyində heç olmasa bir dəfə istirahət edən kimsə, oradakı durumu yaxşı bilir.
Bu sahədə təmiz qum tapmaq çoxdan mümkünsüz işə çevrilib. Hər tərəf kömür və yarıyanmış ağac qırıqları, kül, siqaret kötükləri, tum və qarpız qalıqları ilə zibillənib. Zibil çoxalıb, ondan xilas yolu yoxdur. İritutumlu zibili hələ toparlayıb konteynerlə tullamaq olursa, siqaret kötükləri və onun külü elə quma qarışır. Özü ilə kömür gətirənlər kabab çəkmək, samovar dəmləmək üçün elə oradaca yer hazırlayırlar, qalıqlar da təbii olaraq quma boşaldılır.
Təmiz dəniz havası barədə danışmaq belə gülməlidir, çünki siqaret, qəlyan, samovar tüstüsü əlindən buralarda hava arzulamağın adı yoxdur. Hava nə gəzir? Sadəcə bu tüstü axınına uyğunlaşmalısan. Dənizin səsini eşitmək istəyənlərin də işi asan deyil, burada ləpənin şırıltısı yox, müxtəlif səs qurğularından yayılan əcaib səsləri eşitməyə məcbursan. Zövqsüz, aşağı səviyyəli musiqi səsindən heç cür xilas ola bilməzsən, hər maşından bir musiqi yayılır. Ən əcaib sözləri də burada eşidəcəksən. Bəzən heç nə deyildiyini də anlamaq olmur, çünki bir səs o birini üstələyir. Kakofoniyadan başqa bir şey deyil. Bunun da yəqin bir xeyri var, çünki uşaqla gələnlər ən azı onların zövqünün korlanmasından qorxmurlar, nəsə anlamaq mümkünsüzdür axı. Bir səs yığnağıdır. Aradabir qarğıdalı satanın səsini eşidirik, yenə bu əcaib səslərdən yaxşıdır.
Zibil üçün xeyli konteyner var, amma kimdir özünü ora çatdıran? Elə zibili buradaca yerə boşaldıb gedirlər. Orada-burada xeyli kortəbii zibil qalağına rast gəlmək olur. Ürəkaçan mənzərə deyil. Nə edəsən? Gərək birtəhər dözəsən, axı istirahətə gəlmisən.
Di gəl, heç də hər məqamda dözmək olmur. Soyuq su, isti samovar çayı, üstündən energetik içki, sonra pivə içənlərin halını gərək yaxşı anlayaq. Görəsən çimərlikdə bu qədər maye qəbul edən insanlar hara gedirlər? Axı ətrafda bircə belə ayaqyoluna rast gəlinmir.
Hara gedəcəkləri bəllidir. Necə deyərlər, Allah özü onlara kömək olsun…