Bugün keçirilən imtahanda iştirak edən 1440 namizəddən 331 nəfər müsabiqənin yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Bu barədə Yurd.Media-ya "Yüksəliş" müsabiqəsinin İşçi Qrupundan məlumat verilib.
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 3 hissədən, "Sabit situasiya əsaslı tapşırıqlar", "Şaxələnən situasiya əsaslı tapşırıqlar" blokları və "Emosional zəka" alətindən ibarət olub. İmtahan çərçivəsində iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. İmtahanın ümumi müddəti 4 saat təşkil edib.
İmtahan nəticələrinə əsasən, İdarəetmə bacarıqları imtahanı üzrə keçid balı 560 T-bal şkalası olaraq müəyyən edilib.
Müsabiqədə ədalətli və obyektiv qiymətləndirmənin təmin edilməsi məqsədilə test suallarının nəticələri beynəlxalq təcrübədə geniş tətbiq olunan T-bal şkalası əsasında hesablanıb. T-bal şkalası TOEFL, GMAT, SAT və digər beynəlxalq imtahanlarda istifadə edilən qiymətləndirmə üsullarından biridir. Bu metod iştirakçıların nəticələrinin vahid və müqayisəli meyarlar əsasında dəyərləndirilməsinə imkan yaradır.
İmtahanı uğurla tamamlayan iştirakçılar altıncı "Yüksəliş" müsabiqəsinin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ əldə ediblər. Yarımfinal mərhələsinə keçən iştirakçıların 265 nəfərini kişi, 66 nəfərini isə qadın təşkil edir.
Yaş qrupları üzrə təhlil göstərir ki, uğur qazanan namizədlər arasında ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Növbəti mərhələdə iştirak hüququ qazananlardan 191 nəfəri 21-30 yaş, 133 nəfəri 31- 40 yaş, 7 nəfəri isə 41-51 yaş aralığındadır.
İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhəri üzrə qeydə alınıb. Paytaxt üzrə 192 nəfər namizəd növbəti mərhələdə iştirak hüququ əldə edib. Yüksək göstəricilərin qeydə alındığı digər iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi rayonu üzrə 16 nəfər, Qazax-Tovuz iqtisadi rayonu üzrə 16 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 16 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 15 nəfər iştirakçı yer alır.
Təhsil göstəricilərinin təhlili göstərir ki, bakalavriat və magistratura pillələri üzrə uğur qazanan iştirakçılar əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ADA Universitetinin məzunları arasından olub.
Doktorantura və aspirantura səviyyəsində isə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu önə çıxıb.
Bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, iştirakçıların əksəriyyəti ali təhsilini Azərbaycanda alıb. Belə ki, 296 nəfər iştirakçı bakalavriat təhsilini ölkə daxilində başa vurub. Xaricdə bakalavriat təhsili alanların sayı 28 nəfər olub. Onlardan 7 nəfər isə bu təhsil pilləsini həm Azərbaycanda, həm də xaricdə keçib.
Magistratura səviyyəsi üzrə göstəricilər də diqqətçəkəndir. Ümumilikdə 270 nəfər iştirakçı magistratura təhsili alıb. Onların 179 nəfəri magistratura təhsilini Azərbaycanda, 67 nəfəri isə xaricdə davam etdirib. Bundan əlavə, 24 nəfər iştirakçı magistratura təhsilini həm Azərbaycanda, həm də xarici ölkələrdə alıb.
Doktorantura və aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı isə 38 nəfər təşkil edib. Bu iştirakçılardan 30 nəfəri təhsilini Azərbaycanda, 7 nəfəri xaricdə alıb. 1 nəfər iştirakçı isə doktorantura/aspirantura təhsilini həm Azərbaycanda, həm də xaricdə keçib.
İştirakçıların fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, növbəti mərhələyə keçən namizədlərin 52.09 %-i dövlət sektorunu, 44.24 %-i özəl sektoru, 1.31 %-i qeyri-hökumət təşkilatlarını, 2.36 %-i isə beynəlxalq qurumları təmsil edir.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.