AZCON Mühəndislik və Texnologiya Məktəbində (AZSET) yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rəşad Əliyev AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin təsisçi dekanı vəzifəsinə təyin olunub.
O, məktəbin akademik və inzibati fəaliyyətinə rəhbərlik edəcək. Təsisçi dekan AZSET-in akademik standartlarının və institusional mədəniyyətinin formalaşdırılmasına, daxili idarəetmə orqanlarının fəaliyyətinə, tədris proqramlarının tanınması, akademik tənzimləmə və elmi dərəcələrin verilməsi ilə bağlı məsələlərə cavabdeh olacaq.
Rəşad Əliyev həmçinin TUMint və AZCON Holdinq ilə məktəbin əsas əlaqələndirici nümayəndəsi kimi çıxış edəcək.
Qeyd edək ki, AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın (TUMint) dəstəyi ilə ərsəyə gəlib.
AZSET AzTU-nun nəzdində fəaliyyət göstərir və “TUMint”in akademik dəstəyi ilə ödənişsiz, tam ingilis dilində təhsil təqdim edir. Təhsil proqramı hazırda kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.
Azərbaycanın istənilən akkreditə edilmiş ali təhsil müəssisəsində birinci kursun hər iki semestrini tamamlayan əyani formada təhsil alan tələbələr qəbul üçün müraciət edə bilərlər. Tələbələr tədris prosesinin II kursundan başlayaraq bakalavr təhsilini AZSET-də davam etdirə bilərlər. Onlar məzun olduqda AzTU-nun bakalavr diplomunu və “TUM International GmbH” sertifikatını əldə edəcəklər. Məzunlar eyni zamanda AZCON ekosistemində təcrübə və karyera imkanları qazanacaqlar.
AZSET-in əsas məqsədi sənaye ilə təhsilin inteqrasiyasını təmin edərək Azərbaycanın texnoloji inkişafına töhfə vermək və gələcəyin mühəndislərini yetişdirməkdir.
Rəşad Əliyev