Ötən ay keçirilən buraxılış imtahanında yüksək nəticə əldə edən abituriyentlər arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xədicə İsmayılzadə və Ziya Alızadə Yurd.Media ilə söhbətdə uğurlarının sirrini, hazırlıq prosesində qarşılaşdıqları çətinlikləri və gələcək planlarını bölüşdülər.
“Hazırlığa 10-cu sinifdən başlamışam”
Buraxılış imtahanına ciddi yanaşan Xədicə imtahanlara hazırlığına hələ 10-cu sinfin əvvəlindən başlayıb:
“Gündəlik oxuma rejimi qurmuşdum. Dərs kitabları, test bankları, onlayn videolar və repetitor köməyindən istifadə etmişəm.”
Motivasiyasını daim yüksək tutan Xədicə qarşısına qoyduğu hədəfi heç vaxt unutmadığını deyir:
“Bəzən çətin olurdu, amma qısa fasilələr verib yenidən davam edirdim. Ailəm daim mənə dəstək verib. Təhsil aldığım liseydə keçirilən dərslərin keyfiyyəti, rəhbərlik və müəllimlərimizin inamı mənə əlavə motivasiya verib.”
Xədicə imtahanlara hazırlaşsa da, sosial həyatdan tamamilə uzaqlaşmayıb:
“Vaxtımı düzgün bölməyə çalışdım. 2-ci qrup ixtisasları üzrə çalışıram. Seçimimi universitetlərdən ADA, UNEC, Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və təşkili, İqtisadiyyat ixtisasları üzrə etməyi düşünürəm.”
“Dostlarla oyunlara da baxdım, amma məqsədim aydın idi"
Məktəbin digər uğurlu şagirdi Ziya Alızadə isə imtahana hazırlığa 11-ci sinifin əvvəlindən başlayıb. Müəllimlərin verdiyi əlavə testlər və sinif yoldaşları ilə onlayn hazırlaşmaq onun əsas metodları olub.
Ziya motivasiyasının əsas mənbəyi kimi ailəsini göstərir:
“Əsas məqsədim yüksək bal toplayıb yaxşı bir universitetə qəbul olmaq idi. Ailəmin qüruru olmaq istəyirdim. Bəzən tənbəllik edirdim, dərslər yığılırdı. İmtahana bir neçə gün qalmış narahat fikirlər gəlirdi, amma valideynlərimin dəstəyi ilə özümü toparladım”.
Ziya, sosial həyatdan tam uzaqlaşmayaraq dərs və əyləncəni balansda saxladığını bildirir:
“Gecələr Çempionlar Liqası, Avropa Liqası oyunlarına baxırdım. Hətta Göyəzən FK və Ağstafa Gəncləri FK-nın oyunlarını da izləyirdim. Dostlarla dərsdən sonra vaxt keçirirdik. Məncə aşağı siniflərdən məsuliyyətli yanaşsan, sonradan çox gücə düşmürsən”.
Gələcək planlarına gəldikdə isə Ziya mühəndisliyə marağını vurğulayır:
“Hazırda Türkiyədə Orta Doğu Teknik Universitetinin (ODTÜ) Mexanika mühəndisliyi fakültəsini istəyirəm. Uşaqlıqdan avtomobillərə və mexanikaya böyük marağım olub.”
Ziya həmyaşıdlarına da tövsiyələrini çatdırıraq deyir ki, qarşınıza hədəf qoyun və ona doğru çalışın:
"Məsuliyyətli olun, amma sosial həyatdan da imtina etməyin. Uğurlar arzulayıram”.