SÜJET
Əmək bazarında texnologiyanın sürətli inkişafı və süni intellektin geniş tətbiqi yaxın illərdə bir sıra peşələrin aktuallığını itirməsi ilə nəticələnə bilər.
Yurd.Media xəbər verir ki, Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, yaxın 5 il ərzində tərcüməçi, data-analitik, statistik, qrafik dizayner, hüquq məsləhətçisi, mühasib və kassir kimi peşələrə olan ehtiyac azalacaq. Bu dəyişikliklər, əsasən, robot texnikası və süni intellektin insan əməyini əvəz etməsi ilə bağlıdır.
Ekspert bildirir ki, bu peşələrin sıradan çıxması həmin sahədə çalışan insanların işsiz qalacağı anlamına gəlmir. Əksinə, ali təhsil müəssisələri yeni dövrün tələblərinə uyğun kadr hazırlamalı, texnologiya, təhlükəsizlik və yaşıl enerji kimi sahələrə yönəlməlidirlər.
İnsan resursları üzrə mütəxəssis Elcan Quliyev də bu fikri dəstəkləyir. O hesab edir ki, əgər hər hansı sahədə texnologiyalar insanlardan daha effektiv işləyirsə, həmin sahələrdə ixtisasların dəyərdən düşməsi qaçılmazdır. Bu səbəbdən həm ixtisas seçən gənclər, həm də fəaliyyətdə olan mütəxəssislər daim bilik və bacarıqlarını yeniləməlidirlər.
Ekspertlərin fikrinə görə, əmək bazarının bu dəyişikliklərə adaptasiyası üçün təhsil sistemində də innovativ yanaşmalar ön plana çıxmalıdır.