SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Universitet həyatına qədəm qoyan tələbələrin əsas diqqət etməli olduğu məqamlar: MÜTƏXƏSSİS TÖVSİYYƏLƏRİ

Universitet həyatına qədəm qoyan tələbələrin əsas diqqət etməli olduğu məqamlar: MÜTƏXƏSSİS TÖVSİYYƏLƏRİ

Yeni həyat mərhələsinə qədəm qoyan gənclər üçün universitet illəri təkcə təhsil deyil, həm də şəxsiyyət kimi formalaşma dövrüdür. Bakalavr pilləsinə yeni başlayan tələbələr üçün bu mərhələ imkanlarla doludur – amma eyni zamanda doğru istiqamət seçmək, düzgün vərdişlər qazanmaq və özünü davamlı inkişaf etdirmək baxımından xüsusi diqqət tələb edir. 

Yurd.Media universitetə ilk addımını atan tələbələrin nələrə diqqət etməli olduqlarını, akademik uğurla yanaşı şəxsi inkişaflarını necə təmin edə biləcəklərini izah edən məqaləni təqdim edir.

Universitetə hazırlaşdığı dövrdə əksər abituriyentlər gərgin qrafikdən yorulur və qəbul olduqdan sonra dincələ biləcəyini düşünür. Bəli, gərginlik və dərs yükü abituriyent zamanlarındakı kimi olmur. Bu zaman tələbə özü seçim etməlidir: Ya dərslərinə ilk gündən (Yalnız imtahana 1 həftə qalmış deyil) diqqətlə yanaşmalı, müxtəlif təlimlərə-seminaralara qatılıb zamanını daha səmərəli, həmçinin məhsuldar keçirməli və ya dərslərinə və digr saydıqlarımıza az vaxt ayırıb, istirahətinə yer verməlidir. 

Təbii ki, Azərbaycan gənclərinə ilk bəndi daha çox yaraşdırmaq olar. Hansı ixtisasa qəbul olunmusunuzsa, onu sevərək öyrənməyə, xüsusilə təcrübədə öyrənməyə çalışın. İlk rübdən başlayaraq aktiv tələbəlik keçirsəniz, son ilinizin bitməsi ilə artıq karyeranız başlaya biləcək.  Hətta iş imkanları belə əldə etmiş olacaqsınız. Unutmayın ki, forumlar, seminarlar, sosial şəbəkədəki aktivliyiniz və getdikcə genişlənən çevrəniz iş tapmanıza birbaşa yardım etmiş olacaq. 

Tələbəlik illərinin ən diqqət ediləsi cəhətlərindən biri də xarici dil öyrənməyə səy göstərməkdir. Bu, gələcəkdə CV-də işə qəbul olunmanızda əhəmiyyətli dərəcədə rol oynayacaq. 

Biraz da tələbənin məişət qayğıları haqqında...

Əgər rayondan gəlib Bakıda qalacaqsınızsa, bir ay öncədən daimi yaşamaq üçün yataqxana və ya kirayə mənzilin yerini qətiləşdirməlisiniz. Əks halda, gecikmiş olacaqsınız və bu müddət sizin üçün xeyli məşəqqətli keçəcək. Sumqayıtdan Bakıya gələcək tələbələrin servis xidmtələrindən yararlanması vaxt baxımından daha əlverişli sayılır. Həmçinin, hər gün dəyişən taksi və ya avtobus qiymətləri ilə müqayisədə servis haqqı adətən illik olaraq eyni qalır. 

Biraz da mütəxəssis rəyinə, tövsiyələrinə diqqət edək...

"Universitet həyatına qədəm qoymaq gənclərin həyatında ən ciddi dönüş nöqtəsidir və bu mərhələ onların gələcək karyerasını, sosial mövqeyini və şəxsi inkişafını müəyyənləşdirir. Təhlil göstərir ki, ali təhsilə qədəm qoyan tələbələrin qarşısında yalnız akademik uğur qazanmaq deyil, həm də müstəqil həyat tərzinə uyğunlaşmaq, yeni sosial şəbəkələr qurmaq və peşəkar gələcək üçün strateji qərarlar vermək kimi mühüm vəzifələr dayanır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində qeyd olunur ki, ali təhsil şəxsiyyətin intellektual inkişafını, peşəkar fəaliyyətə hazırlığını və müstəqil qərarvermə bacarıqlarını təmin etməlidir. Bu maddə açıq şəkildə göstərir ki, tələbə universitetdə sadəcə dərsə gedib-diplom almaq üçün yox, həm də həyati bacarıqlar qazanmaq üçün oxumalıdır".

Bu fikirləri Yud.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, tələbələrin qarşılaşdıqları problemlərdən də danışıb:

"Statistik məlumatlara nəzər salanda görürük ki, 2024-cü ildə Azərbaycanda 44 min nəfər ali məktəblərə qəbul olunub, onların 72 faizi dövlət, 28 faizi isə özəl universitetlərdə təhsil alır. Qəbul olunanların təxminən 58 faizi ilk dəfə regionlardan paytaxta köçərək tələbə həyatına başlayır. Bu, tələbələrin çoxunun yeni mühitə adaptasiya problemləri ilə üzləşəcəyini göstərir. Tədqiqatlar göstərir ki, ali məktəblərə qəbul olan tələbələrin 35 faizi ilk iki semestrdə dərs davamiyyətində və qiymət göstəricilərində çətinlik yaşayır. Bunun əsas səbəbi məktəb mühitindən universitet mühitinə keçiddə yaranan boşluqlardır".

K.Əsədov bildirib ki, universitet həyatına başlayan tələbələr üçün ilk diqqət edilməli məsələ dərslərə davamiyyət və akademik məsuliyyətdir:

"Məktəbdə müəllimlərin nəzarəti güclü olduğu halda, universitetdə tələbə öz təhsilinə sahib çıxmalı, mühazirə və seminarların məsuliyyətini daşımalıdır. “Ümumi təhsil haqqında” Qanunun 5-ci maddəsində bərabər hüquqluluq və imkanların təmin olunması təsbit olunsa da, ali təhsildə uğurun əsas açarı tələbənin şəxsi məsuliyyəti və müstəqil öyrənmə bacarığıdır.

Mənfi tərəflərdən biri odur ki, bəzi tələbələr universiteti sadəcə diplom almaq üçün seçim edir, dərslərə məsuliyyətsiz yanaşır, sosial şəbəkələrə və vaxt itirən məşğuliyyətlərə aludə olur. Bunun nəticəsində həm təhsil keyfiyyəti, həm də gələcək karyera imkanları zəifləyir. Amma müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə universitet həyatının keyfiyyətini artırmaq üçün mühüm addımlar atıb. 2023-cü ildən tələbə kreditləri sisteminin tətbiqi ilə minlərlə gənc ödənişli təhsilə çıxış imkanı əldə edib. Dövlət büdcəsindən təhsil kreditlərinə 50 milyon manatdan çox vəsait ayrılıb. Bu, sosial ədalətin qorunması və tələbələrin maliyyə yükünün azaldılması baxımından əhəmiyyətli irəliləyişdir".

təhsil eksperti Kamran Əsədovtəhsil eksperti Kamran Əsədov

Mütəxəssis vurğulayıb ki, dünya təcrübəsi ilə müqayisə edəndə görürük ki, uğurlu tələbə modeli yalnız auditoriya ilə məhdudlaşmır:

"ABŞ universitetlərində aparılan araşdırmalar göstərir ki, tələbə vaxtının 40 faizi dərs, 30 faizi sosial fəaliyyət, 30 faizi isə özünütəhsil və tədqiqatlara sərf olunur. Finlandiyada tələbələrin hər semestr orta hesabla 3–4 fənn üzərində dərinləşməsi, əlavə təhsil proqramlarında iştirakı onların praktik bacarıqlarını gücləndirir. Azərbaycanda da tələbələr yalnız mühazirələrlə kifayətlənməməli, əlavə kurslar, təlimlər və könüllülük fəaliyyətlərinə qoşulmalıdırlar. Nazirliyin dəstəyi ilə yaradılan “Rəqəmsal Təhsil” platformaları və beynəlxalq mübadilə proqramları tələbələrin bu imkanlardan faydalanmasına şərait yaradır.

Şagirdlikdən tələbəliyə keçid zamanı maliyyə savadlılığı da ön plana çıxır. Statistikaya görə, Azərbaycanda tələbələrin 48 faizi təhsil dövründə əlavə gəlir mənbəyi axtarır. Bu, həm onların şəxsi inkişafına kömək edir, həm də iş bazarına erkən adaptasiyanı təmin edir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə “tələbə iş yarmarkaları”nın keçirilməsi və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi bu prosesdə mühüm rol oynayır və tələbələrin erkən karyera imkanlarını artırır.

Nəticə etibarilə, universitet həyatına qədəm qoyan tələbələrin əsas diqqəti dərslərə davamiyyət, müstəqil öyrənmə, vaxtın düzgün idarə edilməsi, sosial fəaliyyətlərdə iştirak və sağlam həyat tərzinə yönəlməlidir".

Mütəxəssis bildirib ki, mənfi hallara baxmayaraq, Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi tədbirlər — təhsil kreditləri, təqaüdlərin artırılması, rəqəmsal resursların tətbiqi və beynəlxalq mübadilə proqramlarının genişləndirilməsi tələbələrin imkanlarını daha da artırıb: "Bu siyasət faydalıdır, irəliləyişlər göz qabağındadır və gənclərin həm akademik, həm də sosial inkişafına mühüm töhfə verir. Əgər tələbələr bu imkanlardan düzgün istifadə etsələr, həm öz gələcəklərini, həm də ölkənin insan kapitalını gücləndirə biləcəklər".

Prime Leasing