Azərbaycanın bir çox universitetlərində tədris şəraiti hələ də məktəb sistemindən ciddi şəkildə fərqlənmir. Müasir tələbələrin gözləntilərinə cavab verməyən bu vəziyyət, ali təhsilə olan motivasiyanı zəiflədir.
Yurd.Media xəbər verir ki, Universitet həyatı gənclər üçün yeni başlanğıc sayılsa da, bir çox ali məktəbdə mənzərə fərqli deyil. Auditoriyalar illərlə yenilənməyib, dərslər hələ də 45 dəqiqəlik “məktəb qaydası” ilə keçirilir.
Təhsil eksperti Səbuhi Kəmal "ATV Xəbər"ə bildirir ki, binaların köhnə infrastrukturu və tədris şəraitinin zəifliyi tələbələrdə maraqsızlıq yaradır:
“İllik 3–4 min manat təhsil haqqı ödəyən tələbə artıq məktəbli olmadığını hiss etməlidir. Təəssüf ki, bir çox universitetlərdə bu mühit yoxdur.”
Ekspertin sözlərinə görə, yayda istidən, qışda soyuqdan dərs keçmək çətin olur, bir çox otaqlarda şərait yararsız vəziyyətdədir. “Belə ali məktəblərin dünya reytinqlərində geri qalması təəccüblü deyil,” – deyə o əlavə edib.