SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
UNEC-in Dərbənd filialının məzunları iki ildir diplom ala bilmir - ŞİKAYƏT

UNEC-in Dərbənd filialının məzunları iki ildir diplom ala bilmir - ŞİKAYƏT

Valideynlər etiraz edir, məzunlar məhkəməyə üz tutur, universitet və nazirlik arasında top atılır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialını 2023 və 2024-cü illərdə bitirmiş onlarla məzun hələ də diplomlarını ala bilməyib. Problemin kökündə hüquqi prosedur ziddiyyətləri və sənədlərin tanınması məsələləri dayanır.

Diplomsuz əsgərliyə göndərilir

Valideynlərdən biri Yurd.Media-ya bildirir ki, övladı bu il hərbi xidmətə çağırılıb. Lakin diplom təqdim edə bilmədiyi üçün ali təhsilli kimi bir il yox, ali təhsilsiz kimi bir il yarım xidmət etməli olacaq. Bu isə tələbənin hüquqlarının pozulması deməkdir.

Başqa bir valideyn isə deyir ki, övladı pandemiya dövründə Azərbaycanda təhsilini davam etdirib, 2024-cü ildə fərqlənmə ilə məzun olub, təqaüd alıb və təhsil haqqını UNEC-ə ödəyib. Buna baxmayaraq, o da diplom ala bilməyənlər sırasındadır.

80-dən çox məzun, eyni problem

Hazırda 80-dən çox məzun eyni problem qarşısındadır. Onlar bildirirlər ki, Dərbənd şəhərində Rusiya Federasiyasının qanunlarına uyğun şəkildə qəbul olunublar, təhsili orada başa vurublar və bütün sessiyalarda iştirak ediblər. Pandemiya dövründə isə 6 ay müddətində UNEC-in Bakıda yerləşən binasında dərslərdə olublar.

Valideynlər iddia edirlər ki, Elm və Təhsil Nazirliyinin bəzi nümayəndələri onlara məhkəməyə müraciət etməməyi “tövsiyə edərək” təzyiq göstəriblər. Bir neçə məzun artıq rəsmi şəkildə məhkəməyə müraciət edib, lakin proses ləng gedir. Növbəti məhkəmə iyun ayında keçiriləcək.

UNEC: Diplom blankları təqdim olunmayıb

UNEC-in Mətbuat Xidmətindən bildirilib ki, Dərbənd filialını uğurla bitirən tələbələrin məzun olduqları barədə əmrlər verilib, diplom blanklarının verilməsi üçün bütün sənədlər Elm və Təhsil Nazirliyinə təqdim olunub. Lakin bu günə qədər nazirlikdən universitetə heç bir blank təqdim olunmayıb. Blanklar təqdim olunduqdan dərhal sonra diplomların verilməsi təmin ediləcək.

Elm və Təhsil Nazirliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq deyilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tələbənin qəbulu, təhsil prosesi və digər məsələlər araşdırılır və qeyd olunan məqamlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim olunur.

"Qanunvericiliyin tələblərinə uyğun olmayan hallar aşkar olunduğu və Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilmədiyi hallarda diplom blanklarının təqdim olunması mümkün deyildir", - Nazirlikdən bildirilib.

Ekspert: Qəbul və akkreditasiya qaydalarında ziddiyyət var

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, məsələ hüquqi və inzibati ziddiyyətlərdən qaynaqlanır. Onun sözlərinə görə, Dərbənd filialına qəbul Dövlət İmtahan Mərkəzinin sistemi vasitəsilə aparılmadığı üçün həmin təhsil formasının rəsmi tanınmasında problemlər yaşanır. Eyni zamanda, ixtisasların akkreditasiyası və diplomların tanınması ilə bağlı agentliklər tərəfindən yekun qərar hələ qəbul olunmayıb.

Diplomsuz gələcək?

Məzunlar və onların ailələri bu vəziyyətin gələcək planlarına ciddi təsir etdiyini deyirlər. Diplom ala bilməyən gənclər nə işə düzələ bilir, nə də magistraturaya daxil olsalar da, diplom olmadan orda təhsil ala bilmirlər. 

Hazırda gözləntilər Elm və Təhsil Nazirliyinin rəsmi cavabı və diplomların verilməsi ilə bağlı qərarındadır.