Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrində təntənəli şəkildə “Son zəng” tədbirləri keçirilir.
Tovuz rayon Adil Qasımov adına şəhər tam orta məktəbində keçirilən tədbir isə valideynlərin narazılığına səbəb olub.
Valideynlər Yurd.Media-ya bildirir ki, məktəb rəhbərliyi məktəb direktorunun göstərişi ilə tədbir zamanı valideynlərin övladlarına gül təqdim etməsinə icazə verməyib. Nəticədə onlarla valideynin gətirdiyi güllər məktəbin qarşısında nizamsız şəkildə yığılıb, bu isə ümumi tədbir ovqatını pozub.
Valideynlər həmçinin bildirir ki, məktəb daxilində təbrik üçün heç bir şərait yaradılmayıb, məzunlarla xatirə şəkilləri çəkdirmək üçün imkanlar məhdudlaşdırılıb. Onların sözlərinə görə, bu cür münasibət illərlə təhsil alan və məktəbə aidiyyət hissi olan şagirdlər üçün ruh düşkünlüyü yaradıb.
Bütün bunlarla yanaşı, valideynlər bir başqa məqamı da diqqətə çatdırıblar: tədbirdən təxminən bir ay əvvəl guya sinif rəhbərlərinə hədiyyə alınması məqsədilə məktəbdə valideynlərdən pul yığılıb. Lakin bu gün həmin müəllimlərə məktəb adından təqdimatlar edildiyi halda, valideynlərin töhfələrinin necə və hara xərcləndiyi barədə heç bir məlumat verilməyib.