Süni intellekt digər ölkələr kimi Azərbaycanın əmək bazarında da təsirsiz ötüşmür. Bir çox iş sahələrinin strukturlarında dəyişikliklər baş verir ki, bu da yeni peşə və vəzifələrə tələbatın artdığını göstərir. Bəs hazırda qüvvədə olan diplom və ixtisasların gələcəkdə yeni yaranacaq vəzifələr üçün hüquqi baxımdan tanınması necə təmin ediləcək?
Milli Məclisin deputatı Aydın Mirzəzadə Yurd.Media-ya açıqlamasında bildirib ki, süni intellektin gəlməsi müəyyən peşə və ixtisasların artıq həyatımızdan çıxmasına səbəb olacaq:
"Bəşər tarixindən teleqraf, radio, televizor, internet, elektron poçt həyatımıza olduğu kimi süni intellekt də çox sürətlə həyatımıza daxil olur və onun keyfiyyətini dəyişir. Ali məktəbə qəbul olunan ixtisasların bir çoxu informasiya texnologiyaları ilə bağlıdır. Artıq bəzi peşə və ixtisaslar ləğv olunur, bu normaldır".
Onun sözlərinə görə, qanunda dəyişikliklər edilməsi gözlənilən haldır:
"Əvvəl əldə edilmiş ixtisaslara gəldikdə, onlara hələ müəyyən qədər ehtiyac olacaq və insanlar o ixtisaslarda işləyə biləcəklər. Bununla belə, həyatın tələbinə uyğun olaraq, kimlərsə sonradan əlavə kurslara getsinlər.
Süni intellektlə bağlı qanunlarımızda müəyyən müddəalar var. Amma tələbat olduqca, qanunların dəyişiklik edilməsi tamamilə gözləniləndir" - deyə o bildirib.
