Şamaxı şəhərində “Şamaxı Xəzinəsi – Astek sirri” adlı maarifləndirici layihənin icrasına başlanılıb.
Yurd.Media xəbər verir ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar müsabiqəsi çərçivəsində, “SDG Youth Community” təşəbbüs qrupunun tərəfdaşlığı ilə həyata keçirilir.
Layihənin açılış mərasimində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunun müdiri Məsud Babayev, Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin direktoru İsgəndər Həsənov, “SDG Youth Community” təşəbbüs qrupunun yerli layihələr üzrə koordinatoru Nigar İsgəndərova, eləcə də məktəb direktorları və müəllimlər iştirak ediblər.
Layihə çərçivəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə, Şamaxı rayon M. Hadi adına 9 nömrəli tam orta məktəbdə, Şamaxı Avropa Liseyində və Şamaxı rayon A. Alxanov adına Sabir qəsəbə tam orta məktəbində məktəblilər üçün məlumatlandırma görüşləri təşkil olunub. Görüşlər zamanı şagirdlərə intellektual oyunların əhəmiyyəti izah edilib, “Kod Da Vinçi” formatlı oyunların qaydaları və tətbiq mexanizmi təqdim olunub.
Qeyd edək ki, “Şamaxı Xəzinəsi – Astek sirri” layihəsinin əsas məqsədi şagirdlərin təbiət fənlərinə yanaşmasını müasirləşdirmək, interaktiv və oyun əsaslı öyrənmə vasitəsilə onların maraq və iştirakçılıq səviyyəsini artırmaqdır. Layihə əzbərçiliyə əsaslanan tədris yanaşmasından uzaqlaşaraq tədqiqat yönümlü, analitik düşünən və milli irsə həssas gənclərin formalaşmasına töhfə verməyi hədəfləyir.
Layihəyə ümumilikdə 100-dən çox Şamaxı məktəblisinin cəlb olunması nəzərdə tutulur.