Sabunçu rayonunda məktəbin tikintisi illərdir yarımçıq qalıb - Valideynlər və müəllimlər narazıdırlar

Sabunçu rayonunda məktəbin tikintisi illərdir yarımçıq qalıb - Valideynlər və müəllimlər narazıdırlar

Bakı

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbin binası yarımçıq vəziyyətdə qalıb.

Yurd.Media xəbər verir ki "APA TV"-nin məlumatına görə məktəbin köhnə binası 2020-ci ildə baş verən yanğından sonra sökülüb və yeni binanın tikintisinə başlanılıb.

Valideynlər və müəllimlərin sözlərinə görə, tikinti prosesi uzun müddətdir tamamlanmır və dəfələrlə verilən vədlərə baxmayaraq, məktəb binası hələ də istifadəyə verilməyib.

"İlkin olaraq bildirilmişdi ki, bina bir il ərzində istifadəyə veriləcək. Lakin artıq 3 il keçib və məktəbin tikintisi hələ də başa çatmayıb. Nəticədə, məktəbin müəllim və şagirdləri “didərgin” düşüblər",-deyə məktəbin müəllimi Validə Mehdiyeva bildirib.

Hazırda 68 nömrəli məktəbin ibtidai sinif şagirdləri 215 nömrəli tam orta məktəbdə, 5-11-ci sinif şagirdləri isə 90 nömrəli məktəbdə ikinci növbədə təhsillərini davam etdirirlər. Valideynlər bildiriblər ki, övladları müxtəlif məktəblərdə oxuduğu üçün onlar ciddi çətinliklərlə üzləşirlər.

Müəllimlər, valideynlər və məktəb rəhbərliyi dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə qədər nəticə əldə olunmayıb. Şikayətçilər bildiriblər ki, rəsmi ərizələr də təqdim olunub, lakin məsələ ilə bağlı konkret tədbir görülmür.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edildikdə bildirilib ki, 68 nömrəli tam orta məktəbin binası sökülüb, yenidən tikintisi və əsaslı təmir işləri aparılır. Tikinti layihəsində baş verən dəyişikliklər səbəbindən işlərin başa çatdırılması gecikir, lakin yaxın vaxtlarda prosesin tamamlanması planlaşdırılır.