Qarabağın daha 2 kəndində orta məktəblər tədris prosesinə başlanıldı.
"Yurd.media" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tədris vəziyyətinə baxış keçirib.
Qeyd edək ki, Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.
Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.