Müasir təhsil sistemində dil tədrisinin mahiyyəti, müəllimin dəyişən rolu və texnoloji transformasiyalar ətrafında elmi-pedaqoji müzakirələr aparmaq məqsədilə Bakıda “Dil müəllimləri 2026” Forumu təşkil olunub.
Yurd.Media xəbər verir ki, Azərbaycan Dillər Universitetinin ev sahibliyi etdiyi forumda 400-dən çox müəllim, tədqiqatçı və təhsil eksperti iştirak edərək dil tədrisinin gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.
Forumun rəsmi açılışını ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova edib, tədbir çərçivəsində TEDx formatlı çıxışlar, elmi təqdimatlar və panel diskussiyalar təşkil olunub.
Forumun əsas elmi istiqamətlərindən biri müasir müəllimin kimliyi və onun pedaqoji funksiyasının transformasiyası olub. Müzakirələrdə qeyd olunub ki, müasir müəllim artıq klassik bilik ötürücüsü modelindən çıxaraq öyrənmə prosesini planlaşdıran, idarə edən və yönləndirən strateji pedaqoji liderə çevrilib. Bu yeni yanaşmada müəllim yalnız informasiya verən subyekt deyil, həm də öyrənənlərin idraki fəaliyyətini təşkil edən, onların düşünmə prosesini aktivləşdirən və tənqidi təfəkkürü inkişaf etdirən “zehin rejissoru” kimi çıxış edir. Müəllimin rolu getdikcə daha çox dizaynedici və reflektiv xarakter alır.
Dil tədrisinin mahiyyəti forumda xüsusi elmi dərinliklə təhlil edilib. Vurğulanıb ki, dil yalnız kommunikasiya vasitəsi deyil, eyni zamanda insanın düşüncə sistemini formalaşdıran fundamental idraki mexanizmdir. Bu səbəbdən dilin öyrədilməsi prosesi yalnız qrammatik və leksik biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, daha geniş kognitiv və funksional çərçivədə həyata keçirilməlidir. Forum iştirakçıları “dil biliyi = test nəticəsi” yanaşmasının elmi baxımdan kifayət qədər məhdud olduğunu qeyd edib, bu modelin real dil kompetensiyasını əks etdirmədiyini vurğulayıblar. Əsl dil bacarığı şagird və tələbələrin dili real situasiyalarda istifadə etməsi, düşünməsi və problemləri həmin dildə həll etməsi ilə formalaşır.

Forumda şagird və tələbələrin öyrənmə prosesində aktiv subyekt kimi rolu xüsusi diqqət mərkəzində olub. Qeyd edilib ki, öyrənənlər yalnız bilik qəbul edən tərəf deyil, həm də bilik yaradan, analiz edən və tətbiq edən aktiv iştirakçılardır. Onların öyrəndikləri dildə düşünməyə təşviq edilməsi dil mənimsənilməsinin ən vacib mərhələlərindən biridir. Bu yanaşma dil öyrənməni passiv prosesdən çıxararaq onu dinamik, interaktiv və kontekstual fəaliyyətə çevirir. Fənlərarası inteqrasiya prinsipi forumun digər əsas elmi istiqamətlərindən biri olub. Dil tədrisinin digər fənlərlə əlaqəli şəkildə həyata keçirilməsi öyrənmənin funksional xarakterini gücləndirir. Bu yanaşma şagird və tələbələrə dili yalnız akademik kontekstdə deyil, real həyat situasiyalarında da istifadə etmək imkanı yaradır. Beləliklə, dil tədrisi daha tətbiqyönlü və praktik xarakter alır. Süni intellektin təhsil prosesinə inteqrasiyası forumda geniş elmi müzakirə predmeti olub. Qeyd edilib ki, müasir dövrdə əsas məsələ süni intellekt alətlərinin mövcudluğu deyil, onların pedaqoji məqsədlərə uyğun şəkildə istifadəsidir.
Süni intellekt müəllimi əvəz edən deyil, əksinə onun pedaqoji fəaliyyətini gücləndirən, öyrənmə prosesini fərdiləşdirən və şagird və tələbələrin idraki inkişafını daha şəffaf edən vasitə kimi çıxış edir. Müasir dil müəllimi bu texnologiyaları sinif mühitinə inteqrasiya edərək daha effektiv və interaktiv dərs mühiti yaradır. Bu çərçivədə ADDIE modeli (təhlil, dizayn, inkişaf, tətbiq və qiymətləndirmə) tədrisin sistemli planlaşdırılması üçün mühüm metodoloji baza kimi təqdim olunub. Model müəllimə öyrənənlərin ehtiyaclarını müəyyən etməyə, dərs prosesini məqsədyönlü şəkildə qurmağa və nəticələri elmi əsaslarla qiymətləndirməyə imkan verir. Bu yanaşma tədrisin keyfiyyətini artıran strukturlaşdırılmış bir sistem kimi dəyərləndirilib. Forumda müəllimin emosional vəziyyəti və peşə məmnunluğunun tədris prosesinə təsiri də xüsusi vurğulanıb. Müəllimin daxili motivasiyası, pozitiv emosional vəziyyəti və peşəkar inkişafı birbaşa olaraq şagird və tələbələrin öyrənmə davranışlarına təsir göstərir. Pozitiv pedaqoji mühit öyrənənlərin daha aktiv iştirakını təmin edir, onların özünüifadə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir.

Eyni zamanda etik məsələlər də geniş şəkildə müzakirə olunub. Süni intellektdən istifadə zamanı akademik dürüstlük, məlumat təhlükəsizliyi və pedaqoji məsuliyyət əsas prinsiplər kimi qeyd edilib. Müəllim bu prosesdə həm texnologiyanın istifadəçisi, həm də etik çərçivənin qoruyucusu kimi çıxış edir. Bu isə təhsil sistemində balanslı və məsuliyyətli rəqəmsal transformasiyanın vacibliyini göstərir.
Nəticə etibarilə forum göstərib ki, təhsil sistemi ciddi transformasiya mərhələsindədir və bu prosesdə dil müəllimləri strateji rol oynayır. Müəllim sinfi artıq fiziki məkan sərhədlərini aşaraq qlobal və rəqəmsal öyrənmə mühitinə inteqrasiya olunur. Şagird və tələbələr isə bu yeni ekosistemdə yalnız bilik alan deyil, həm də düşünən, analiz edən və yaradan aktiv subyektlərə çevrilirlər. Bu transformasiya təhsilini gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas faktor kimi çıxış edir.
Pedaqogika üzrə elmlər doktoru,Təhsil fakültəsinin dekanı Firuzə Rzayeva