2026-cı il üzrə təhsil sahəsində bir sıra mühüm yeniliklər və islahatlar həyata keçiriləcək.
Yurd Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.
May ayından etibarən I sinfə qəbul prosesinə start veriləcək. Bu il Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvanda prioritetli qəbul mexanizmi tətbiq olunacaq.
Bu yanaşma valideynlər üçün daha şəffaf seçim imkanı yaradacaq və məktəblərə yerləşdirmədə ədalətliliyi artıracaq. Eyni zamanda, təhsilini digər dildə almaq istəyən şagirdlər üçün tədris dili üzrə müsahibə qaydası təsdiqlənib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil sahəsində də genişlənmə planlaşdırılır. Hazırda bu sahədə əhatəlilik 40 faiz təşkil edir. İcma əsaslı qruplara 23 935 uşaq, valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində isə 4033 uşaq cəlb olunub. Bu model üzrə hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən qarşılanır.
Müəllimlərlə bağlı yeniliklərə əsasən, 90 min müəllimin əməkhaqqısı diferensial qaydada tənzimlənəcək. 2026-cı il üzrə sertifikatlaşdırma prosesinin 17–25 iyun tarixlərində keçirilməsi planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması isə oktyabr ayında təşkil olunacaq. Bundan əlavə, direktor və direktor müavinlərinin işə qəbulunda əsas meyarlardan biri kimi sertifikatlaşdırma nəticələri nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test mərhələsi 1–8 iyul tarixlərində keçiriləcək. Müsabiqə ödənişli olsa da, sosial həssas qruplar üçün güzəştlər tətbiq olunacaq. Belə ki, ilk dəfə iştirak edənlər, əlilliyi olan şəxslər, sosial yardım alan ailələrin üzvləri, şəhid ailələri və müharibə veteranları üçün iştirak ödənişi tələb olunmayacaq.
Rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılır. “Rəqəmsal məktəb” platforması daha 5 şəhərdə tam tətbiq ediləcək, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvanda kağız jurnallar ləğv olunacaq. Ümumilikdə 199 təhsil müəssisəsi, 235 min şagird və 17 min pedaqoji heyət bu platformadan istifadə edəcək. Həmçinin bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq.
Bununla yanaşı, məktəblərdə təhlükəsizlik və psixoloji mühitin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Müvafiq qurumlarla birgə reydlər keçirilir, şagirdlərin çantalarında qadağan olunmuş əşyaların aşkarlanması halları nəzarətdə saxlanılır. Statistikaya əsasən, məktəblərdə tətbiq olunan davranış qiymətləndirmə sistemində yaşıl kartların üstünlük təşkil etməsi müsbət dinamikanın göstəricisi hesab olunur.
Qeyd edək ki, cari ilin ilk iki ayında 3100-dən çox məktəbdə monitorinqlər aparılıb. Yoxlamalar zamanı sanitar-gigiyenik vəziyyət, psixoloji xidmətlərin fəaliyyəti və bullinq əleyhinə tədbirlər diqqət mərkəzində olub.