SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Prezidentin rektor təyin etdiyi Aqil Şirinov kimdir? - DOSYE

Prezidentin rektor təyin etdiyi Aqil Şirinov kimdir? - DOSYE

  • 12 may 2025, 16:44

Prezident İlham Əliyevin sərəncamı ilə Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, Aqil Şirinov 1979-cu il sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub.

O, 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib.

1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olub.

2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olub, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meyilli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.

2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi"de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb.

Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib.

Habelə 2015-2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Filologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb.

Aqil Şirinov 2016-2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışıb.

O, 2009-2010-cu illərdə Böyük Britaniyanın Kembric şəhərində "Studio Cambridge" adlı dil kursunun həm ümumi ingiliscə, həm də elmi əsər yazma ("Academic writtings") bölmələrini müvəffəqiyyətlə bitirib. Həmçinin ABŞ Konqres kitabxanasının Açıq Dünya ("Open World") proqramının "Dini Dözümlülük" ("Religious Toleration") adlı kursunda iştirak etmək hüququ qazanıb və ABŞ-də kursu başa vurub.

2016-cı ilin iyulunda ABŞ-nin Çikaqo şəhərində yerləşən və ilahiyyat sahəsində magistratura təhsili verən akademik bir qurum olan "Meadville Lombard Theological School"un "Dini Multikulturalizm" mövzusuna həsr olunmuş biraylıq seminar-treyninqinin iştirakçısı olub.

Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifidir. İngilis, ərəb, fars, rus və türk dillərini bilən Aqil Şirinovun 6 kitabı (biri müəllif, digərləri həmmüəllif), 2-si xaricdə olmaqla 20-dən çox məqaləsi, 2-si xaricdə olmaqla 8 tezisi nəşr olunub. Ərəb, ingilis, fars və türk dillərindən və bu dillərə bir çox elmi məqalələri tərcümə edən Aqil Şirinov eyni zamanda fəlsəfə, tarix və dinlə əlaqəli bir çox beynəlxalq və yerli simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.

O, 2018-ci il martın 9-da elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə 7214.01 - "Dinin tarixi və fəlsəfəsi" ixtisası üzrə doktoranturaya qəbul olub. "Təşkilatlanma və təbliğat metodları baxımından Yaxın Şərqdəki radikal dini qruplar" mövzusunda dissertasiya işi üzərində çalışıb.

13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

12 may 2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Aqil Şirinov 2020-ci ilin sentyabrında Avropa Şurası Mədəniyyətlərarası İnteqrasiya İşçi Qrupunun Azərbaycan üzrə təmsilçisi seçilib.

"Metafizika" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsis edildiyi gündən onun Redaksiya Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.