Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Yurd.Media xəbər verir ki, 53649 şagirdin iştirakı nəzərdə tutulan imtahanda 46 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan və Cəbrayılda təşkil olunacaq.
İmtahan saat 11:00-da başlayır. Onun başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və həmin vaxt iştirakçısının buraxılış vərəqəsində göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 10-dan etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3963 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 644 imtahan rəhbəri və ümumi rəhbər, 4946 nəzarətçi, 722 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.