Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində, Gənclərin Beynəlxalq Dialoq Platformasının (IYDP) təşkilatçılığı və Qarabağ Universitetinin tərəfdaşlığı ilə Beynəlxalq Simulyasiya Konfransı reallaşdırılacaq.
Yurd.Media xəbər verir ki, 29–31 may 2026-cı il tarixlərində Qarabağ Universitetində keçiriləcək KUMUN 2026 gəncləri və tələbələri beynəlxalq diplomatiya mühitində bir araya gətirəcək. Konfrans çərçivəsində regional və qlobal məsələlər müzakirə olunacaq, iştirakçılar arasında fikir mübadiləsi və əməkdaşlıq imkanları yaradılacaq.
Tədbir zamanı iştirakçılar diplomat rolunda çıxış edərək müxtəlif BMT komitələrinin simulyasiyalarında yer alacaqlar. Konfransın işçi dili ingilis dilidir və müraciətlər həm yerli, həm də xarici gənclər və tələbələr üçün açıqdır.
Konfransda iştirak üçün son müraciət tarixi 15 aprel 2026-cı ildir. Müraciət etmək istəyənlər “Elanlar” bölməsində yerləşdirilən müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, KUMUN 2026 gənclərə beynəlxalq diplomatiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, qlobal mühitdə özlərini sınamaq üçün geniş imkanlar təqdim edir.